Milli Dövlət Nədir?

Milli dövlət bir millətin birliyinin və iradəsinin təcəllisidir. Milli dövlət bir millətin yaşaması və var olması üçün ən böyük sərvətidir. Başqa millətlərin istismari altında olan bir millət, yalnız istismardan qurtulup, öz milli dövlətinə quraraq, ən yüksək xeyri, ən yüksək kəmalı və ən yüksək səadəti əldə edə bilər. Milli dövlət elə bir işıqdır ki, onun qarşısında zəncirlər əriyər, taxt-taclar yanar və millətin əsarəti üçün qurulmuş bütün quruluşlar yıxılar. Milli dövlət toplumu millət edər, millət də onu dövlət edər, birinin varlığı üçün obirinin olması şərtdir.
İnsan toplumları dövlət otoriteti olmadan yaşaya bilməz. Toplumda özgürlüğün, bərabərliyin və ədalətin sağlanması və qorunması, ancaq və ancaq milli dövlətin qurulması və milli suverenliyin təmin edilməsi ilə mümkündür. Bir dövlət, qanunlarını və planlarını icra etmək üçün, daxili və xarici otoritetə və suverenliyə sahib olar. Daxili suverenliyə sahib olan bir dövlətin, yalnız öz torpaqları və vətəndaşları içində otoriteti olar. Yəni öz torpaqları içində, qərarlar alıb, başqa bir dövlət və ya quruluşun icazəsinə ehtiyac olmadan icra edə bilər. Xarici ya da milli suverenlik isə, bir dövlətin beynəlxalq aləmdəki yeri və müstəqil bir varlıq olaraq fəaliyyət göstərməsini təmin edər. Müstəqil və suveren dövlət, yalnız xarici suverenliyini qazanmış bir dövlətdir.

Mili Dövlət nədir

Ən böyük şərəf tam bağımsızliq və istiqlal olsa da milli fəallarımızın bir qismi, Güney Azərbaycan milli dövləti üçün, bəzi sistemlərdə olduğu kimi, daxili suverenliyin yetərli və əlçatan olduğunu düşünürlər. Ancaq milli fəalların çoxunluğu, Güney Azərbaycan və dünyadakı vəziyyət və başqa təcrübələrə dayanaraq, tək qurtuluş yolumuzu, tam müstəqil və suveren bir Güney Azərbaycan dövlətində görürlər. Bu düşüncələrin ikisi də, Azərbaycan mərkəzli olduqca, milli hərəkətimizin içində və tək amacımızın doğrultusundadır. Amma Güney Azərbaycan yerinə İran mərkəzli düşünülürsə, yəni İranı federal, konfederal və ya daha demokratik bir dövlətə çevirmək kimi bir amac varsa, ona Güney Azərbaycan milli hərəkəti deyilməz. Güney Azərbaycan milli hərəkətinin İran və İranda yaşayan başqa millətlərin taleyini təyin etmək kimi bir hədəfi yoxdur. Zatən buna nə haqqı vardır nə də gücü yetər. Milli hərəkətimizin amaci Güney Azərbaycan dövlətini qurmaqdır, istər İranın qalanı parçalansin, federal olsun, olduğu kimi qalsın, daha pis olsun ya da daha yaxşı olsun. Bunların heç biri, məqsədimizə təsir etməz və dəyişdirməz. Əlbəttə bu, Güney Azərbaycanın bölgə xalqlarından ayrılmaq istədiyi anlamına gəlməz. Biz bölgəmizdəki bütün xalqlarla barış içində, azad və bərabər yaşayıb, dayanışmaq istəyirik. Bu da daha sağlam bir platformada, yəni bizi təmsil edən Güney Azərbaycan dövləti sayəsində ola bilər. Bugün, Qaşqaylar, Xorasan türkləri və Türkmənlər kimi doğma qardaşlarımızla bərabər, qonşularımız olan kürdlər, lurlar, ərəblər, giləklər və hətta farslarla birgə, İran adlanan ölkənin fərqli zindanlarında məhbusuq. Bu zindanlardan qurtulmaq hər kəsin haqqıdır. Ancaq biz zindanda olduqca, nə başqa zindanlardakı qardaşlarımızı və qonşularımızı qurtara bilərik, nə də onlara bir faydamız ola bilər. Önce özümüzü qurtarmalıyıq ki, qardaş və qonşu xalqlara da yardım əlimiz və gücümüz olsun.