Ədalət insanın doğal haqqı, hüzurun açarı və mədəniyyətin ilk şərtidir. İnsan ruhu və insanlıq tarixinin hər zaman ən əsas dəyərlərindən biri olan ədalət, bir toplumun nizamını sağlar və insanların bir-birinə hörmətli və ədalətli olmasını təşviq edər. Ədalət insan haqlarını qoruyub və haqsızlıqların qarşısını alaraq, toplumu bir arada tutub, daha güclü edər. Ədalət yalnız sərvət və maddi şeylərlə əlaqəli deyil, yaşamın bütün sosial və mədəni imkanlarının da dəngəli paylaşımıdır. Bir dövlət ədalət üzərində qurular və xəzinəsi ədalətdir.
Ədalətin əsası haqqaniyyət, ərdəm, hiss və vicdandır. Güney Azərbaycan milli hərəkətinin ədalət ilkəsi bu mənəvi və duyğusal kökə dayanaraq xalqımızın və dünyanın vicdanına, yəni insanların içindəki ədalət duyğusuna səslənir. İran dövlətçiliyi, qurulduğundan bəri, Güney Azərbaycan Türklərinə, sistematik şəkildə soyqırım siyasəti aparır. Millətimizin dilini, mədəniyyətini və bütün mənəvi varlıqlarını təhqir edib təzyiq altında tutub, insani haqlarını yox sayır. Güney Azərbaycanın torpaqlarını parçalayıb, milli kimliyimizi silmək istəyir. Tarixi əsərlərimizi, ətrafımızı və təbiətimizi qəsdən məhv edir. Bəlli siyasətlərlə, Azərbaycanın inkişafına mane olaraq, xalqımızı işsiz, yoxsul və çarəsiz vəziyyətə gətirib, öz torpaqlarından sürgün etməyə çalışır. Bu sistematik aparteidə qarşı etiraz edənləri də, ağır işgəncə və həbs cəzaları ilə susdurmağa çalışır. Bu zülm və ədalətsizliklərdən, ancaq bizi təmsil edən bir milli dövlətin qurulması ilə qurtula bilərik və ondan başqa heç bir çarəmiz yoxdur. Artıq başqa yolların hamısını keçmiş yüz ildə təcrübə etmişik. Güney Azərbaycan milli hərəkəti, ədalətsizliklərdən canı yanmış, Türk olduğu üçün təhqir olunmuş və iqtisadi fəlakətlərə sürüklənmiş insanların, haqq və ədalət davasıdır. Bu hərəkət nə zülm, nə də mərhəmət, yalnızca ədalət istəyir.
Yüz illərin ədalətsizliklərini Güney Azərbaycandan qaldırmaq üçün həm dağıdıcı ədalətə, həm də düzəldici ədalətə ehtiyacımız vardır. Dağıdıcı ədalət, bərabərlik əsasında olar və hər kəsin vəzifəsi və zəhmətinin qarşılığını almasını təmin edər. Ancaq düzəldici ədalət sayəsində, var olan pozuntular da düzəlib, həqiqi bərabərlik sağlanar. Düzəldici ədalət, keçmişdəki varlıq və haqq bölgüsündəki ədalətsizliklərin təlafi edilməsini sağlar. Məsələn yüz ildən çoxdur Azərbaycanın basqı altında tutulan mədəniyyəti və dili, başqa dillər və mədəniyyətlərlə bərabər vəziyyətə gələnədək, düzəldici ədalətə tabe tutulmalıdır. Eyni şəkildə Tehran, Qəzvin, Həmədan, Bicar və Xəzriyanı şəhərlər kimi Güney Azərbaycanın daha çox assimilasiyaya məruz qalmış bölgələrinin Türkləri üçün də, düzəldici ədalət təmin edilməlidir. Qadınların sosial və iqtisadi vəziyyətləri, kişilərlə bərabər səviyyəyə gələnə qədər, düzəldici ədalət tətbiq edilməlidir. Milli hərəkət olaraq, təşkilatlarımızda və fəaliyyətlərimizdə qadınlara düzəldici ədalət çərçivəsində, pozitiv ayrı-seçkilik sağlanmalıdır. Mərkəzində, idarəsində, əsasında və içində qadınların olmadığı bir siyasi mücadilə, mücadilə deyil.
Güney Azərbaycan milli hərəkəti olaraq, mücadiləmizdə, qərarlarımızda və fəaliyyətlərimizdə hər zaman ədalətli olmalıyıq. İdarə etdiyimiz təşkilat və quruluşlarda, vəzifələri insanların əməkləri və öhdəliklərinə görə bölməliyik, dostluq və yaxınlığa görə deyil. Milli fəalları və təşkilatları tənqid edərkən ədalətli olmalıyıq. Var olan vəziyyəti nəzərə alaraq tənqid etməliyik, ideallara dayanaraq deyil. Yalnız mücadilə edən və iş görən milli fəalları və təşkilatları deyil, parlaq fikirləri olan amma heç bir iş görməyənləri də sorğuya çəkməliyik. Rəy bildirməklə tənqidi bir-birindən ayırmalıyıq. Hər insan hər mövzuda rəyini bildirmək haqqına sahibdir, amma tənqid etmək üçün o mövzuda bilikli ya da təcrübəli olmalıdır. Tətbiqi mümkün olmayan səbəblərə dayanaraq rədd etməyin adı tənqid deyil. Təpənin başında oturub savaşı izləyib, sonra aşağı enib, diri qalanların başına vurmağın adı hər nə olsa da tənqid heç deyil.