DAN ULDUZU

DAN ULDUZU Güney Azərbaycan Milli Hərəkətinin Amacını, İlkələrini və ortaq Strategiyasını şəffaf şəkildə bəlirləmək üçün yazılmış bir sənəddir.

Güney Azərbaycan, tarixin hər çağında öz milli dövləti sayəsində alnı açıq bir millət olaraq var olmuşdur. Azərbaycan Türkləri hər zaman insani dəyərlər, özgürlüklər və ədalətli hakimiyyət qonusunda bölgənin öncü milləti və qonşu xalqlar üçün işıq və ümid qaynağı olubdur. Ancaq son yüz ildə, Güney Azərbaycanın dövlətinin, İran dövlətçiliyi adına qəsb edilib istismar olunması, millətimizə böyük zərərlər vermiş, milli sərvətlərini talan etmiş və gündən-günə maddi və mənəvi baxımdan yoxsulluğa və fəlakətə sürükləmişdir. Eyni zamanda Azərbaycan Türklərinin ədalətli və insansevər dövlətçiliyinin yox olması, bölgənin digər xalqlarının da ümid və işığının sönməsinə səbəb olmuşdur. Necə ki yüz ildir, onlar da bizim kimi, savaşlar, ədalətsizliklər və zülm altında əzilib, dünya mədəniyyətindən, rifahdan və şərəfli yaşam haqqından çox uzaqlaşmışlar.
Fars faşizmi və imperialist güclərin Türk düşmənliyi və bəzi Güney Azərbaycanlı aydınların keçmişdəki yanlış hərəkət və düşüncələri, Güney Azərbaycanın fəlakətinin ən önəmli səbəblərindəndir. Keçmiş yüz ilin təcrübəsinə baxdığımızda, aydınlarımızın daha əvvəl getdikləri yolların çoxunun yanlış nəticələrə səbəb olduğunu görə bilərik. İran adına və İranın demokratikləşməsi yolunda verilən mücadilə və fədakarlıqların hamısı, Güney Azərbaycan xalqının, xoşbəxtliyi yerinə fəlakətinə səbəb olmuşdur. O fəlakətlərə səbəb olan yanlış düşüncə və planlarla davam edərək, o fəlakətlərdən qurtulmaq olmaz. Buna görə də, bugün Güney Azərbaycan milli hərəkətinin hədəfi, İran hökumətini dəyişdirib başqa bir hökumət qurmaq yerinə, yalnız və yalnız öz milli dövlətimizi yenidən qurmaq olmuşdur.

Dan Ulduzu- Giriş

Güney Azəerbaycanin Durumu

Bilirik ki Güney Azərbaycanin Dövləti işğal edib, millətimizi bütün imkanlardan məhrum ediblər. Ama biz bir millət olaraq var olmağa davam edib, hər fürsətdə, milli dövlətimizi yenidən qurmağa çalışmışıq. Hətta siyasi, sosial və beynəlxalq sahələrdə, özümüzü qurtaracaq yeni imkanlar da yaratmışıq. Bugün bu imkanlar sayəsində, milli hərəkətimiz, yəni millətimizin qurtuluş savaşı, hər zamankindən daha çox uğura yaxındır, çünki:

  • Bu gün millətimizin oyanışı sayəsində, hərəkətimiz siyasi və milli bir dirəniş və mübarizəyə çevrilib, beynəlxalq siyasətə daşınıbdır.
  • Güney Azərbaycan xalqının çoxu, özəl mədəniyyətə sahib olduğunu anlayıbdır. Və sahib olduğu mədəniyyət və vətəndə, müstəqilliyə layiq bir millət olduğu qənaət və siyasi şüuruna yetişibdir.
  • Artıq Güney Azərbaycan öz Türklüyünə sarılır. Bu gün Türkçülüğün çırpınan ürəyi Təbrizdir, Güney Azərbaycandır.
  • Güney Azərbaycanda çoxlu sayda milli düşünür və aydın yetişib. Onların çoxu Güney Azərbaycanda yaşayır və milli hərəkətimizə yön verir. Eyni zamanda dünyanın dörd bir yanında, düşüncə mərkəzlərində yer alıb, milli hərəkətimizin nəzəri əsaslarını dərinləşdirib, beynəlxalq siyasətə daxil edirlər.
  • Güney Azərbaycan artıq irançılığı və İran dövlətçiliyini mənimsəmir və onu öz dövləti kimi qəbul etmir. Millətimiz fikirdə və düşüncədə, İran dövlətçiliyindən qopub, öz taleyini Türklük və Türk dünyasında görür.
  • Artıq milli mücadiləmizin bayrağı təsbit olunub. Güney Azərbaycan milli fəallarının çoxluğu onu qəbul edib və xalqımız tərəfindən qəbul edilir.
  • İran dövlətçiliyi ən gücsüz dövründədir. İçəridə xalq tərəfindən dəstəyini və ideoloji bağını itirib, dünyada isə qanunsuz bir terrorçu dövləti statusundadır. Eyni zamanda sanksiyalar, maliyyə və hərbi gücünü zəiflədibdir.
  • Quzey Azərbaycan Respublikasının uğurları bir örnək kimi gözlər önündədir. Buna görə Millətimiz, Azərbaycan Türk dövləti altında daha rifahlı, daha azad və daha güclü olacağına inanır.
  • Türk dünyasının birləşməsi və güclənməsi və Türk Dövlətləri Təşkilatının quruluşu, millətimizə güvən verir və aydın gələcəyə ümidləndirib həvəsləndirir.

Nə Etməliyik

Bu səbəblərə görə, daha təsirli, cəsarətli və yerə basan addımlarla, strategiya və yol xəritəmizi bəlirləyib, ən qısa zamanda Güney Azərbaycanı qurtarıb, milli dövlətiimizi qurmalıyıq. Yol xəritəmizi bəlirləmək üçün, ortaq hədəfimiz və ilkələrimiz şəffaf şəkildə müəyyən olmalıdır. Hədəfimiz və ilkələrimiz müəyyən olmasa, heç bir fürsəti düzgün dəyərləndirə bilməyəcəyik və hara gedəcəyini bilməyən bir dənizçi kimi, heç bir küləyin bizə faydası olmayacaq. Hədəfsiz və vizyonsuz bir Mücadilə, boşuna zaman keçirməkdir, hərəkətsiz və eyləmsiz düşüncə isə yalnız bir arzu və xəyaldır. Ortak hədəfimiz bəlli olarsa ona çatmaq üçün ortaq strategiyalar və taktikaləri planlayıb, vizyonlu bir şəkildə hərəkətə keçib, dünyanı dəyişdirə bilərik.
Strategiyalar hədəfə çatmağın yolu və rotasıdır, ilkələr isə doğru yolda olduğumuzu göstərən işıqlardır. Hədəfimizə çatmaq üçün, rotamız (strategiyalarımız) varsa, doğru yöndə irəliləmək və yoldan sapmamaq üçün, yolumuzu işıqlandıran dəniz fənəri, kompas, radar və ulduzlara, yəni ilkələrə ehtiyacımız vardır.