Türkçülük, Bulud Qaraçorlu’nun dediyi kimi “Özgə çırağına yağ olmaq bəsdir, doğma ellərimiz qaranlıqdadır” deyib, nuru öz elinə və xalqına yüksəltməkdir. Türkçülük daxili və xarici düşmənlərə qarşı yalnız qalmış və Türk olduğu üçün əzilmiş, Güney Azərbaycan Türklərini müdafiə edib qurtuluş yolunu işıqlandırmaqdır. Türkçülük ilkəsi, özünə kimliyini sevmək, qorumaq və müdafiə etməkdir, yəni özünə inanmaqdır. Türkçülük Güney Azərbaycanin bir sosial həqiqətdir, onda nə işğalçılıq var nə də ırqçılıq. Onda özünə güvən var, ümid var və gələcək var. Türkçülük başqa xalqlara qarşı kin və qərəz duyğusu dəyil, Türk xalqına dərin sevgi və bağlılıqdır. Türkçülük, Güney Azərbaycan Türklərinin qurtuluşu və özgür, mürəffəh və modern bir gələcəyin arzusu və duyğusudur.
Bir Türkçü, milli qəhrəmanlarına hörmət edər, amma qəhrəman olmayana da qəhrəman deməz. Türklüyə xor baxıb, Türk dili və mədəniyyətini öz çıxarları üçün alçaldan və yox sayanları, bağışlamaz və onları bağışlayanları da düşmən sayar. Türkçülüyün ən böyük vəzifəsi, Türklüyə xidmətdir, bunun başında da öz ətrafındakılara Türklüyü sevdirmək gəlir. Yorulmadan bezmədən, Türk dili və mədəniyyətinin gözəlliklərini anladıb, onun ən böyük düşməninin də, İran dövləti və İrançılığın olduğunu açıqlamaqdır. Türkçülük alçaq könüllü olmaqdır, bir Türkçü, bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün Türklərə xidmət edər. Özünü Yüksəltmək üçün deyil, Türklüyün yüksəlməsi üçün hər cür fədakarlığa hazır olar.
Dilimiz, tariximiz, törəmiz, inancımız, adət və ənənələrimiz bizi başqa xalqlardan ayırıb, kimliyimizi və mənsub olduğumuz mədəniyyəti yəni Türklüyümüzü tanımlar. Özünü səmimi olaraq Türk mədəniyyətinə bağlı hiss edən hər kəs Türkdür. Bu anlayışdan yola çıxıb, bütün Güney Azərbaycan Türklərini düşünüb, onların xoşbəxtliyi üçün çalışmalıyıq. Assimilasiya nəticəsində Türk dilini az bilən, hətta heç bilməyən insanlarımız da bu zalım sistemin qurbanlarıdır, onların da haray haray mən Türkəm deməyə və onun xoşbəxtliyini yaşamağa haqları vardır.
Biz Güney Azərbaycan milli fəalları, Türk olduğumuz üçün və Güney Azərbaycan Türklərinin içindən çıxmış insanlar olduğumuz üçün, Türklərin yüksəlməsi və haqlarının hər şeydən üstün tutulması yolunda çalışmağı, müqəddəs bir vəzifə bilirik. Türkçülüyə dayanaraq, millətimizin milli şüurunu yüksəldib, siyasallaşdırıb və öz taleyini təyin etmək üçün hərəkətə gətirmək, ən böyük vəzifəmizdir. Bu doğrultuda Türkçə danışacağıq, Türkçəni hər zaman hər şeyin üstündə tutacağıq, hər işimizdə Türk ruhuna və Türk özəlliyinə uyğun və Türk millətinə faydalı olma şərtinə diqqət edəcəyik.