Biz Türklərin millət və vətən sevgisi, Allahın bizə verdiyi bir hədiyyədir. Belə alovlu vətən sevgisi hər millətdə olmaz. Vətənpərvərlik duyğusunu yaşamayan millətlər, tarixdə yox olmağa məhkumdur. Vətən bir millətin evidir və onu sevmək, ana-baba sevgisi qədər təbiidir. Azərbaycan, torpağının qara bağrında sıra dağlar kimi duran və tarix boyu onun üçün canını fəda edən Türklərin vətənidir. Azərbaycançılıq da Azərbaycan Türklərinin vətənsevərlik duyğusunun adıdır. Azərbaycançılıq, vətənin daşına, dağına, torpağına can fəda etməkdir. Bağına, bostanına, hətta quru çölünə aşiq olub, bu vətənin ətrafını və gözəlliklərini qorumaqdır. Dilinə, dininə və düşüncəsinə baxmadan bu torpaqlarda yaşayan bütün insanları sevməkdir. Öz vətənini, bayrağını və milli dövlətini canından və malından üstün tutmaqdır. Azərbaycançılıq, həm vətən üçün yaşamaqdır, həm də vətən üçün ölməkdir. Azərbaycanın azadlığı, ancaq vətən yolunda hər cür fədakarlığa hazır olan vətənsevər insanlar, yəni Azərbaycançı insanlar sayəsində təmin olunacaqdır.
Əsarətdən qurtulmaq istəyən öncə vətənini qurtarmalıdır. Biz Güney Azərbaycan milli hərəkəti olaraq, öz vətənimizi işğaldan qurtarıb milli dövlətimizi qurmaq üçün mücadilə edirik. Biz Azərbaycançıyıq və Güney Azərbaycan milli dövlətini qurub, onun bölünməz bütövlüyünü qorumağa çalışırıq. Qurulacaq milli dövlətimizin aparıcı milləti və böyük əksəriyyəti olan Türklərin milli varlığı və birliyini qorumağa çalışırıq. Bununla yanaşı vətənimizdə yaşayan etnik azlıqların haqlarını qorumağı da vətən borcumuz bilirik. Bu torpaqlarda yaşayan hər kəsin yaşamaya, maddi və mənəvi varlığını qorumaya və inkişaf etməyə haqqı vardır. Dilinə, dininə və düşüncələrinə baxmayaraq vətənimizdə yaşayan bütün insanlarımızı qoruyub, onlara, mürəffəh, özgür və şərəfli yaşam sunmağı boynumuzun borcu bilirik. Onun üçün heş bir zaman torpaqlarımızın və vətəndaşlarımızın heç bir bölümünün, faşistlər, terroristlər və aşirət ağalarının əlində əsir buraxmayacayiq ya da girov olmasına icazə verməyəcəyik.
Azərbaycan səcdəgahımız, Türkçülük isə tacımızdır. Tariximizdə Türkçülük və Azərbaycançılıq, Rusçuluq və Farsçılığa qarşı müdafiə hərəkəti olmuşdur. Bugün Azərbaycançılığı və Türkçülüyü bir-birinə zidd göstərməkdə də, yenə şübhəsiz İran və Rusiyanın rolu vardır. Türklüyü ələ alıb Azərbaycanı inkar etmək ihanətdir, bunun tərsi də eyni dərəcədə qəflət və ihanətdir.
Vətənin o tayı bu tayı olmaz, Tanrı bizə vahid bir Azərbaycan veribdir. Bu vətənin hər qarışını sevib qorumalıyıq, yəni bütövçü olmalıyıq. Azərbaycançılıq vətənimizin ayrı düşmüş parçalarının birləşmə sevdasıdır və ona mane olacaq hər söz və hərəkətdən çəkinməkdir.