Güney Azərbaycan Milli Hərəkətinin Amacı

“Güney Azərbaycan Milli Hərəkətinin tək amacı vardır oda Güney Azərbaycanın milli dövlətini qurmaqdır.”

Dövlət qurmaq insanlığın ən böyük başarısı, Türk töre və ənənələrinin təməlidir. Dövlət, bir yurd və vətəndə yaşayan insanların ən üst idarəetmə vasitəsidir. Bir toplumu birləşdirib, millət edən sözləşmə və mexanizmin adıdır. Dövlət, bəlli bir vətəndə, millətin siyasi birliyindən doğan hüquqi bir varlıqdır, yəni millətin iradəsinin təcəllisidir. Toplumu təmsil edən bir dövlət varsa insanlar biz olar, yəni millət olar, yoxsa bir-birindən ayrı qalıb, başqa millətlərin ayaqları altında yox olar. Milli dövlət olmasa, milli birlik də olmaz, milli birliyi olmayan toplumun da faeliyyət qabiliyyəti olmaz.

Güney Azərbaycan milli hərəkətinin amacı və hədəfi

Güney Azərbaycan Türklərinin, sosial və iqtisadi sahələrdə azadlığı və inkişafı üçün, öncə Güney Azərbaycanın özü azad olub, milli dövlətini qurmalıdır. Məhkum millətin ixtiyarı heç vaxt özündə olmaz. Onun taleyini hakim millətlərin nümayəndələri təyin edər, onlar da, öz millətlərinin çıxarlarını güdər. Yəni milli dövləti olmayan bir xalqın sosial azadlığı, demokratiyaya çatması və iqtisadi inkişafı mümkünsüzdür. Biz dövlətsiz qaldığımız son yüz ildə, yaşadığımız böyük fəlakətlər, dərdlər, həqarətlər və ədalətsizliklərin, dövlətsizlikdən başımıza gəldiyini anlayıb, dərsimizi almışıq. Və bilirik ki, bir millətin azadlığını qoruya biləcək tək güc, onun milli dövlətidir. Ona görədir ki, bu fəlakətlərdən qurtulub, mürəffəh, azad və şərəfli yaşamaq üçün, bizi təmsil edən və bizi biz edən bir milli dövlət istəyirik. Şübhəsiz, vətənimiz Azərbaycan üçün, millətimizin rifahı və xoşbəxtliyi üçün, həyatımız, namusumuz, şərəfimiz, gələcəyimiz və inandığımız müqəddəslərimiz üçün yəni hər şeyimiz üçün, bütün duyğularımızla, ayıqlığımızla və gücümüzlə, Güney Azərbaycan milli dövlətini qurub qorumaq üçün mübarizə edirik və edəcəyik. Bunu da bir seçim kimi deyil, insanlıq vəzifəmiz bilirik. Bu vəzifəmizi yerinə yetirmək üçün, ilkələrstrategiyalarımızı diqqətlə bəlirləyib, tək hədəfimiz, yəni milli dövlətimizi qurmaq üçün mübarizə etməliyik.

Bizim üçün ən böyük təhlükə, hədəfimizin çox yüksək olması və onun üçün çırpınmaq deyil, hədəfimizin çox aşağı və kiçik çıxarlar olmasıdır. İçimizdə böyük hədəf yoxsa, dünyanın bizə verə biləcəyi heç bir şey yoxdur. Böyük hədəfimiz olsa və ona israr edib onun üçün mübarizə etsək, mümkünsüzlər mümkün, mümkünlər ehtimal və ehtimallar qəti olacaq.