İlkələr, milli hərəkətimizin tartışmasız qəbul edilən ana düşüncəsi, öncü prinsipləri və usullarıdır. Bu ilkələr Güney Azərbaycan milli hərəkətinin əsasını təşkil edir və hərəkətimizin hədəfinə çatmasında önəmli bir rol oynayır. Onlar duruşumuzun kökü, xarakterimizin onurğası, doğru yolu tapmağın pusulası və mücadiləmizin qanunlarıdır. İlkələr, ulduzlar kimi yolumuzu göstərib, milli hərəkətimizi bəlirsizliklərdən və qarmaşalardan qurtarıb, düzəni və uyumu sağlar. Ən çalxantılı zamanlarımızda belə, ilkələrimizə dayanaraq, hərəkət etməliyik və ilkələr söz qonusu olduöğunda ödün vermədən dağ kimi durmalıyıq.
İlkələr, alacağımız qərarların qanunlarıdır, hər hərəkətimiz və davranışımız, onlara dayalı və hədəfimizə doğru olmalıdır. Yəni Türklüyə, Azərbaycana və xalqımıza dayanaraq, ədalət, özgürlük və əxlaqi dəyərləri diqqətə alaraq, təşkilat ruhuna sarılaraq, yenilikçi planlarla, milli hədəfə doğru hərəkətə keçib, mücadilə etməliyik. Milli dövlət andımız, ilkələr isə öncəliklərimizdir. Öncəliklər, fərqli insanlar və ya təşkilatlarda, fərqli dərəcədə ola bilər. Sol düşüncəli biri üçün ədalətin daha çox önəmi olar, liberallar üçün özgürlüğün, Türkçülər üçün Türklüyün, vətənpərvərlər üçün Azərbaycanın, dindarlar üçün əxlaqın. Bunların hamısı, digər ilkələrə qarşı olmayıb milli hədəfimiz doğrultusunda olduqca, normaldır və hərəkətimizin içində dəyərləndirilir. Ancaq bu ilkələr bir bütündür və yolumuzu işıqlandıran ulduzlardır. Güney Azərbaycan yerinə İran və irançılıq üçün mücadilə etmək ya da ilkələrimizin hər hansı birinə qarşı olmaq ya da onlardan birini hədəf yerinə qoyub, yalnız onun üçün mücadilə etməyin adı Güney Azərbaycan milli hərəkəti deyil. Buradan yola çıxaraq, sağ, sol, liberal, feminist, laiq, dindar və s. düşüncə və məktəbləri dəyərləndirmək üçün, Güney Azərbaycanın olmaq ilə Güney Azərbaycanlı olmağı ayırmalıyıq. Güney Azərbaycanın sağı, solu, liberali, laiki, dindarı, feministi, təbiətçisi və s., Güney Azərbaycan milli hərəkətinin əsl sahibləridir. Amma doğum yeri səbəbi ilə azərbaycanlı olub hətta türk dilini çox yaxşı bilən, İran solçusu, İran sağçısı, İran Türkçüsü, İran liberali, İran laiki, İran dindarı və s., Güney Azərbaycan milli hərəkətindən deyil, hətta milli hərəkətimizə ən böyük zərər verənlərdəndirlər. Çünki onlar millətimizin haqlı tələblərinə qarşı, faşistlərin əlindəki ən güclü çomaqlardır. Güney Azərbaycan üçün ürəyi çırpınan, ilkələrimizə qarşı olmayan, Güney Azərbaycanın milli dövlətinin qurulması üçün mücadilə edən hər kəs və təşkilat, Güney Azərbaycan milli hərəkətinin bir parçası və sahibidir. Güney Azərbaycanda qurulacaq dövlətin sağ, sol, liberal, laik və s. düşüncə əsasında idarə olunmasını istəmək də hər Güney Azərbaycan milli fəalının təbii haqqıdır.
İlkələrimizin birini hədəf kimi göstərib, Güney Azərbaycan milli hərəkətinin əsl hədəfindən və digər ilkələrindən keçmək, bizi həm gerçək hədəfimizdən, həm də ilkələrimizdən uzaqlaşdırar və millətimiz üçün də heç bir faydası olmaz. Güney Azərbaycan milli hərəkəti, yalnız demokratiya üçün mücadilə edən, yalnız ədalət üçün mücadilə edən, hətta yalnız rejimi yıxmaq üçün mücadilə edən bir hərəkət deyil. Güney Azərbaycan milli hərəkəti, demokratik, çağdaş və insani ilkələrə dayanan bir qurtuluş mücadiləsidir, demokratiya, ədalət ya da bərabərlik şovaliyəsi deyil. Biz İranda və ya hər hansı bir coğrafiyada olan hökumətlərin ədalətli və daha demokratik olmasını dəstəkləyirik. Amma onun üçün savaşmırıq, elə bir davamız və hədəfimiz də ola bilməz. Elə bir dava, yalnız milli dövlətimiz qurulduqdan sonra ola bilər. Milli dövlətimiz olduqdan sonra, öz dövlətimizin daha demokratik və ədalətli olması üçün, müasir partiyalar qurub, mücadilə edəcəyik.