Yenilik, sınırları aşmağın açarı və gələcəyi formalaşdıran gücdür. Addımları cəsarətlə atmaq və yeni üfüqlərə irəliləməkdir. Yenilikçilik rəqabət etmək üçün deyil, oyunun qaydalarını dəyişdirmək üçün çalışmaqdır. Hər kəsin gördüyünü görüb amma kimsənin düşünmədiyini düşünməkdir. Gələcəyi təxmin etmək yerinə, gələcəyi yaratmaqdır. Etdiklərimiz qədər, etmədiklərimizdən də qürur duymaqdır, Minlərcə şeyə yox deməkdir. Düşündüyündən daha böyük düşünməkdir. Hər böhranı bir fürsət bilib, şübhə etmədən və cəsarətlə, yeni bir hücum planı qurmaqdır.
Zaman en böyük yenilikçidir, hər zaman yeni çarələr tapmalıyıq, yoxsa başımıza yeni bəlalar gələr. Dəyişməsək, yenilənməsək, gəncləşməsək, çürüməyə məhkum olarıq. Yenilikçilik, içində olduğumuz vəziyyətə qane olmayıb, daha yeni, inkişaf etmiş və mükəmməli istəyib, yeni yollar və çarələr tapmaqdır. Yenilikçilik insanlara səhv haqqı verməkdir. Səhvlərlə dolu, şərəfli bir mücadilə edən insan, heç bir iş görməyən, ən parlaq düşüncəli insanlardan daha faydalıdır. Güney Azərbaycan milli hərəkəti, xalqımızı daha özgür və rifahlı vəziyyətə gətirmək üçün yenilikçi tədbirləri, cəsarət və özünə güvən ilə birləşdirib, gecə-gündüz demədən milli dövlətimizin qurulması üçün çalışan, milli bir hərəkətdir.
Yaşam gücü olan hər köhnəni sevərik, amma bizi bütün gücü ilə yaşadacaq tək şey yenilikdir. Yeni dövrləri yeni insanlar təmsil edər və yeni bir gün doğarkən bir çox ulduz batar. Heç bir dövr, keçmişdə təcrübə edilmiş insanların çiyinlərində yüksəlməz. Bunun üçün, yeniliyin əsası olan gənclərə, daha çox diqqət etməliyik. Milli hədəfimiz, yəni Güney Azərbaycan milli dövlətini qurmaq yolunda yenilməz gücümüz və təminatımız gənclərdir. Milli hərəkətin zəfəri, etiraz edən yeni nəsil ilə olacaq, itaət edən nəsil ilə deyil. Artıq ehtiyatla İrançılıq düşüncəsinin çıxmaz küçələrində yolunu axtaran və İranın çürümüş hökumətlərində özünə faydalı fürsətlər yaxalamağa çalışan, təmkinli və tərəddüdlü nəsl yoxdur. Onun yerinə, dinamik, qürurlu və özünə güvənli bir Güney Azərbaycan gəncliyi var. Yeni gənclik, öz həyatını yaşamağa və taleyini öz əllərində tutmağa əzmli və iradəlidir. Güney Azərbaycanın parlaq gələcəyi bu nəslin əlindədir. Qızlarımız milli dövlətimizi, oğlanlarımız isə, milli ordumuzu quracaqlar.
Güney Azərbaycan milli hərəkəti olaraq, öz mədəniyyətimizdə yeniliklərə yer açıb, başqa millətlərin çağdaş və dəyərli yönlərini alıb qaynaşdırmalıyıq. Amma xalqımızı təhqir edərək, ya da bizi bir millət edən köklərimizi kəsərək deyil. Millətlər ulu bir ağac kimidir, ulu bir çinar, torpağın üstündə nə qədər yüksəlmişsə, torpağın altında da o qədər dərinlərə getmiş geniş kökləri vardır. Ulu bir ağacın kökləri kəsilsə o ağacı yaşatmaq və torpağın üstündə dik tutmaq mümkün deyil. Bir millətin kökləri də milli tarixidir, adət-ənənələri və inanclarıdır. Həqiqi yenilik, ancaq geçmişi bilənlərdən çıxar və qaynaqlara dönüşlə başlar. Ən böyük ərdəm, içində olduğumuz vəziyyəti bilib, dəyərləndirib, gücə çevirib, pillə edib daha çağdaş və gəlişmiş bir vəziyyətə daşımaqdır.