Təşkilatçılıq

Türkün ən önəmli vasfı təşkilatçılıqdır. Təşkilatçılıq dayanışmanın, səmərəliliyin və başarının açarıdır. Təşkilatçılıq, yolumuzu müəyyənləşdirən və bizi birlikdə hərəkətə keçirib, zəfərə aparan ilkədir. Təşkilat olmaq, eyni dəyərləri paylaşaraq ortaq bir hədəfə kilidlənməkdir. Təşkilat, bəlirli bir nizam ilə qurulmuş qurumsal bir sistem və məsuliyyət-səlahiyyətlərin necə bölüşdürüləcəyini bəlirləyən mexanizmin adıdır. Təşkilatçılığa sərf etdiyimiz hər dəqiqə, bizə bir saat qazandırır. Yəni təşkilatçılıq bir lüks və seçim deyil, həyatda qalma başarısı və bir ehtiyacdır. Artıq pəhləvan və supermenlərin zamanı keçibdir, bu günün şərtlərində, yalnız təşkilat və komanda işi ilə başarı əldə edilə bilər. Hədəfə çatmağın yolu gücdən, gücün yolu isə, təşkilatlanmaqdan keçir. Təşkilatçılıq bizə əzm ilə çalışmanın gücünü verər və nələr bacara biləcəyimizi öyrədər.
Hər təşkilatın, bir ruhu və ağılı olar. Təşkilat ruhu, insanların eqolarını ikinci plana atıb təşkilatın uğuru üçün mücadilə etməkdir. Təşkilat ağılı isə, bilik paylaşımı, iş birliyi və stratejik düşüncədən yaranan kollektiv zəka və qərar vermə qabiliyyətidir. Təşkilatın ağılı təşkilatdakı insanların ağlından daha böyük olar və onun ruhu bizə sonsuz bir xəyal gücü verər. Uğurlu bir hərəkət ilə uğursuz hərəkətlərin fərqi, güc ya da bilik əskikliyində deyil, təşkilat əskikliyindədir. Təşkilat ruhu və dayanışma, az güc ilə böyük işlər görməyin tək və dəyişməz çarəsidir. Təşkilat və dayanışma olmayan yerdə, içdən-içə bir çəkişmə olar.
Bir araya gəlmək başlanğıcdır və bir qrup yaradar. Qrup yoldaşlıq və tanışlıq ilə qurular və daha elastikdir. Ancaq bir arada durub, təşkilatlanıb, məsuliyyət öhdələnib, birlikdə çalışmaq, bir ərdəmdir. Tək başına ya da kiçik qruplar ilə, ancaq kiçik və taktiki başarılara gücümüz yetər. Vətəni qurtarıb, milli dövlət qurub hakimiyyəti ələ keçirmək isə, ancaq sağlam təşkilatlanmaqdan keçir. Təşkilat ruhu, pul ilə satın alınmaz. Pul, insanların işlərini görüb həyatlarını davam etdirmək üçün bir vasitədir amma onları bir təşkilat etmək üçün yetərli deyil. Təşkilat, yalnız üzvlər ilə deyil, onları bir-birinə bağlayan görünməz bağlarla qurulur. Bu bağları qura bilmək üçün onları həyəcanlandıran bir məqsəd, şəffaf bir nizam və ədalətli bir vəzifə-ixtiyarat sistemi və əmək bağı olmalıdır. Bir təşkilatda bu xüsusiyyətlər olarsa, bütün imkansızlıqlara baxmayaraq uğurlu olar. Çünki belə bir təşkilat ilə çalışdığımızda, daha güclü xüsusiyyətlərə və etkiyə sahib olarıq. Onlar da hədəfə gedən yolumuzu qısaldan ən güclü silahımız olar. Düşmənlərimizin ən qorxduğu şey də, elə doğru təşkilatçılıq sayəsində əldə edəcəyimiz bu silah və gücdür.
Hər Güney Azərbaycan milli fəalı təşkilat qurmağı, olduğu yerdən başlamalıdır. Təşkilat olmaq bir yolçuluqdur, hədəf deyil. Bu yolçuluğa girmək üçün bir vizyona ehtiyacımız var bir də cəsarətə, mükəmməl olmağa ehtiyacımız yoxdur. Haradasınızsa, oradan başlayın, əlinizdə olanları istifadə edin, əlinizdən gələn işi görün. Olduğunuz məktəb, universitet, idarə, məhəllə və şəhərdə, milli düşüncəli insanları tapıb, onlarla əlaqəyə keçib qruplaşıb sonra təşkilatlanın. Təşkilatda məsuliyyət öhdələnməyə könüllü olun və verilən vəzifələri qüsursuz şəkildə yerinə yetirib, təqib edin. Hərəkətimizin varlığı, davamlılığına bağlıdır, Laqeydlik, disiplinsizlik və metodsuzluqdan uzaq olun. Uzaqda xəyal kimi duran bir şeyi görməyə çalışmaq yerinə, önünüzdə açıqca duran işi görün. Sizinlə çalışan milli fəallara güvənin, onlara bir işi necə görəcəklərini anlatmaq yerinə nə iş görəcəklərini anladıb, onların yaradıcılıqlarına fürsət verin.